Cümə məscidi Lerik şəhərinin mərkəzində yerləşir. İbadət evi Hacı Akif adlı şəxsin təşəbbüsü ilə yerli əhali tərəfindən 1990-1992-ci illərdə inşa edilib.

Məscidin iç sahəsi 280, həyət sahəsi isə 3000 kvadratmetrdir. Cümə məscidi Lerik rayonunun ən böyük ibadət evi sayılır. Burada eyni anda 350 nəfər ibadət edə bilər. Qadınlar şöbəsi əsas zaldan taxta arakəsmə ilə ayırılıb. İbadət zalında üçpilləli minbər yerləşir. Məscidin iki düzbucaqlı qapısı və dörd romb formasında pəncərəsi var. İbadət evinin açıq eyvanı mövcuddur.

Məscidin binası və minarələri mişar daşından, damı isə ağ dəmir təbəqədən tikilib. İbadətgahın 12 metrlik qoşa minarəsi var. Minarələrin aşağı hissələri düzbucaqlı, orta hissələri səkkizguşəli, yuxarı hissələri isə dəyirmi formadadır. Hər minarədə altı pəncərə var. Minarələrin üstündə aypara rəmzi quraşdırılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://ambur.az/lerik-seher-cume-mescid